Ali təhsil müəssisələrində tələbələrin bədən tərbiyəsi və idmanla məşğulluğunun daha da gücləndirilməsi haqqında görüş və məsləhətləşmə

 

Oktyabrın 16-da Təfəkkür Universitetində Ali təhsil müəssisələrində bədən tərbiyəsi və idman kafedralarının bazasında idman klublarının yaradılması ilə bağlı Respublika Ali Təhsil müəssisələri bədən tərbiyəsi kafedralarının keçmiş rəhbərləri və işçilərinin iştirakı ilə görüş keçirilmiş və məsləhətləşmələr olmuşdur.

Tədbirdə Respublika Təhsil Nazirliyi Bədən Tərbiyəsi və İdman Mərkəzinin direktoru Qiyas Nəcəfov, Gənclik İdman Cəmiyyəti Respublika Şurasının sədri Azərbaycan Tibb Universiteti İdman kafedrasının müdiri, professor Kamal Kibrlinski, Bədən Tərbiyəsi və İdman Akademiyasının kafedra müdiri, professor Xanlar Qurbanov, Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, professor Telman Əsədov, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Akif Atakişiyev, Mədəniyyət və İncəsənət Univeristetinin kafedra müdiri, professor Ağayusif Qurbanov, Təfəkkür Universitetinin Təfəkkür idman klubunun müdiri, professor Cavanşir Qurbanov, Milli Aviasiya Akademiyasının kafedra müdiri, əməkdar məşqçi Musa Musayev, Azərbaycan Müəllimlər İnstitutunun kafedra müdiri Hənifə Qurbanov, İqtisad Universitetinin kafedra müdiri Süleyman Nəbiyev, Texniki Universitetin kafedra müdiri, əməkdar məşqçi Nizami Əhmədov iştirak etmişlər.

Çıxış edənlər nazirliyin ali təhsil müəssisələrində idman kafedralarının fəaliyyətinin dayandırılması haqqındakı qərarını bəyəndiklərini bildirmiş və ali təhsil müəssisələrində idman kafedralarının əvəzində idman klublarının yaradılmasını məqsədəuyğun saymışlar. Gənclərin bədən tərbiyəsi və idmanla daha yaxından məşğulluğu üçün idman klublarının fəaliyyəti barədə maraqlı təkliflər irəli sürülmüşdür.

İdman mütəxəssisləri yeni yaradılmış idman klublarının gələcək inkişafı üçün tez-tez görüşlər keçirib məsləhətləşmələr aparılmasını məqsədəuyğun saymışlar.