Ana səhifə -Tefekkur Universiteti
Kitabxana haqında
Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin kitabxanası 1995-ci ildə yaradılmışdır. Kitabxananın fondunda 28460 adda kitab vardır. Oxucu sayı isə 1000 nəfərdən çoxdur. Kitabxana elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsinə imkan yaradan, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin kitabxanası müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasətini təbliğ edir, elmi-texniki yenilikləri universitetin tələbə-müəllim heyətinə vaxtında çatdırır, eyni zamanda kitabxana-biblioqrafiya xidməti göstərir. Universitetdə xeyli tələbə təhsil alır, onların elmi biliklərə yiyələnməsində kitabxananın da rolu böyükdür. Kitabxanada dövrü mətbuatın kartatekasının tərtibi davam etdirilmiş, il ərzində xeyli qəzet və jurnallar alınmışdır. İllik abunə olduğu “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “Yeni Azərbaycan”, “İqtisadiyyat”, “Olimpiya dünyası”, “İki sahil”, “Azərbaycan müəllimi”, “Azad Azərbaycan”, “Бакинский рабочий” və başqa onlarla  qəzet və jurnallar alır. Kitabxananın internet texnologiya və yeni texnika ilə təchiz edilmiş gözəl, geniş oxu zalı tələbə və müəllimlərin ixtiyarındadır. Universitetin kitabxanasına üzv olanların təxminən 40%-i kitablardan oxu zalında, 60%-i isə evlərində istifadə edirlər. Kitabxanada son günlərdə “Dünya azərbaycanlılarının həmrəylik günü” “20 yanvar”,  “Xocalı faciəsi”, “8 mart Beynəlxalq qadınlar bayramı” ilə bağlı tədbirlər keçirilmişdir. H. Əliyevin xarici və daxili siyasəti, “Azərbaycan tarixin sınağında”, “Yeni kitablar” sərgi və stendlər hazırlanmışdır. Bir müddət əvvəl Universitetdə Zəlimxan Yaqubla görüş keçirilmişdir. O, özünün xeyli sayda kitabını kitabxanamıza hədiyyə vermişdir.
Kitabxana işçiləri
Vəliyeva Rəsmiyyə Məhəbbət qızı 1965-ci il may ayının 7-də Beyləqan rayonunda anadan olmuşdur. 1988-ci ildə Şuşa mədəni-maarif texnikumunun “Kitabxanaçılıq işi” fakültəsini bitirmişdir. 2002-ci ildə “Təfəkkür” Universitetinin filologiya fakültəsini bitirmişdir. 1994-cü ildən “Təfəkkür” Universitetinin kitabxanasında işləyir.
Tağıbəyli Həmidə Hasil qızı 1992-ci ildə İmişli şəhərində anadan olmuşdur. 2009-cu ildə orta məktəbi bitirmişdir. Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq-informasiya” fakültəsinin 5-ci kursunda qiyabi şöbəsində təhsil alır.
Məmmədova Mətanət Məmməd qızı 1972-ci ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini bitirmişdir. Bir müddət Şəki rayonu Baş Göynük kənd 1 saylı orta məktəbdə işləmişdir. 2002-ci ilin noyabrından “Təfəkkür” Universitetində kitabxanaçı vəzifəsində işləyir. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin filologiya fakültəsini bitirmişdir.
Hüseynova Pərvin Əli qızı 1987-ci il avqustun 19-da Ucar şəhərində anadan olmuşdur. 2004-cü ildə Ucar şəhərində 1 saylı orta məktəbi bitirmişdir. 2009-cu ildə Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 2011-ci ildən “Təfəkkür” Universitetinin kitabxanasında işləyir.