Universitet
“Təfəkkür” Universiteti haqqında |eng |rus|

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti ali təhsil müəssisəsi kimi 1992-ci ildən fəaliyyətə başlamışdır. Azərbaycan Kommersiya İnstitutunun hüquqi varisidir.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 1994-cü il tarixli 212 saylı fərmanı ilə yaradılmış Dövlət Ali Ekspert Komissiyasının rəyi əsasında  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarı ilə “Təfəkkür” Universiteti qeyri-dövlət ali təhsil müəssisəsi kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təfəkkür” Universitetinin qeydiyyata alınması haqqında” 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarına əlavələr və dəyişikliklər edilməsi haqqında 29 may 1996-cı il tarixli 67 saylı qərarına əsasən “Təfəkkür” Universiteti Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti adlandırılmışdır.
Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin vəsadətini nəzərə alaraq Azərbaycan Respublikası təhsil nazirinin “Magistraturanın yaradılması barədə” 30 aprel 1999-cu il tarixli 295 saylı əmri ilə universitetdə magistr hazırlığına icazə verilmişdir. Universitetdə bakalavriat, magistratura səviyyələrində ixtisaslar üzrə bütün tədris planları baza təhsil proqramlarına uyğun hazırlanmış və təsdiq edilmişdir.
Universitetin idarə olunması və onun fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası ilə tənzimlənir və təhsil sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə, ali təhsil müəssisələri haqqında əsasnaməyə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ aktlarına, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin Nizamnaməsinə, Təhsil Nazirliyi tərəfindən tövsiyə edilən normativ sənədlərə müvafiq olaraq həyata keçirilir. Tədris, elmi proses və Nizamnamə ilə nəzərdə tutulmuş bütün fəaliyyət növləri üçün müvafiq qərarlar və şəhadətnamələr mövcuddur.
Universitetdə idarəetmə fəaliyyəti təsisçilər, Elmi Şura, rektor, prorektor, Tədris-metodiki idarə, fakültələr, kafedralar tərəfindən həyata keçirilir. 
Universitetin fəaliyyətinə bilavasitə rəhbərlik rektor və prorektor tərəfindən həyata keçirilir.
Universitetdə 2 fakültə fəaliyyət göstərir:

  • Filologiya və biologiya
  • İqtisadiyyat və nəqliyyat

Universitetdə 7 kafedra var:

  • İqtisadiyyat kafedrası
  • Biologiya və təbiət elmləri kafedrası
  • Nəqliyyat və tətbiqi mexanika kafedrası
  • Filologiya elmləri kafedrası
  • Riyaziyyat və informatika kafedrası
  • Xarici dillər və onun tədrisi metodikası kafedrası
  • Bədən tərbiyyəsi və idman kafedrası

 

Baza təhsil proqramlarına uyğun hazırlanmış tədris planlarında olan fənlər və onların proqramlarının məzmunu Dövlət Təhsil Standartlarının tələblərinə uyğundur. Tədris olunan fənlərin həcmi tədris planlarına uyğundur. Fənn proqramlarında tövsiyə olunan məcburi tədris-metodiki vəsaitlər və onlara dair nüsxələr əsasən mövcud normalara uyğun kitabxana fondunda saxlanılır.
Universitetdə dərslər aşağıdakı ixtisaslar üzrə tədris edilir:

  • Biologiya müəllimliyi
  • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
  • İbtidai sinif müəllimliyi
  • Xarici dil müəllimliyi
  • Jurnalistika
  • Maliyyə
  • Dünya iqtisadiyyatı
  • Mühasibat uçotu və audit
  • Nəqliyyat tikintisi mühəndisliyi
  • Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
  • Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi

Göstərilən ixtisaslar üzrə tədris baza təhsil proqramına uyğun olaraq hazırlanmış və universitetin Elmi Şurası ilə razılaşdırılaraq təsdiq edilmiş tədris planına uyğun olaraq həyata keçirilir. İxtisaslar üzrə təhsil proqramları professor-müəllim heyətinin, universitetin elmi tədqiqat işlərinin, maddi-texniki bazasının, informasiya mənbələrindən istifadə imkanlarının bütün tələbələri nəzərə alınmaqla işlənilmişdir. İxtisas təhsil proqramları təqdim olunmuş səviyyəyə və hər ixtisas üzrə təhsil müddətinə cavab verir.
Tədris planları hazırlanarkən Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativləri, tövsiyələri nəzərə alınaraq ixtisas kafedraları və müvafiq dekanlıqlar tərəfindən hazırlanmış, universitetin Tədris-metodiki idarəsində yoxlanılmış, Elmi Şurada müzakirə olunmuş və universitetin rektoru tərəfindən təsdiq edilmişdir.
Tədris planları hərtərəfli hazırlanaraq bütün istiqamətlərin fənlər blokuna uyğunlaşdırılaraq əsas təhsil kurslarının keçirilmə qrafikinin ardıcıllığını təmin edir. Tədris prosesinin birbaşa təşkilini ixtisasların və istiqamətlərin ixtisas proqramlarını həyata keçirməklə əsas tədris-elmi strukturları kimi kafedralar və fakültə dekanları tədris-metodiki idarə ilə sıx qarşılıqlı əlaqədə həyata keçirirlər. Kafedranın işinə fakültə dekanları, Tədris-metodiki idarə və prorektor nəzarət edir.
Universitetin beynəlxalq informasiya şəbəkəsinə çıxışını təmin edən internet fəaliyyət göstərir.
Universitetin professor-müəllim heyəti tərəfindən bütün ixtisaslar üzrə mütəmadi olaraq tədris-metodiki materiallar, fənn proqramları, metodiki vəsaitlər, metodik göstəriş, dərslik və dərs vəsaitləri hazırlanır və təsdiq olunduqdan sonra çap edilir. Onlar müvafiq nüsxələrdə kafedralarda və kitabxanada saxlanılır.
Universitetdə laboratoriyalar və xüsusi təyinatlı auditoriyalar fəaliyyət göstərir.
Universitetin tədris-laboratoriya bazası mövcud tələblərə uyğundur.
Universitetdə müasir avadanlıqlara təchiz olunmuş aşağıdakı mərkəz və laboratoriyalar fəaliyyət göstərir:

  • Kompyuter mərkəzi
  • Linqafon mərkəzi
  • Biologiya və kimya laboratoriyası
  • Nəqliyyat və fizika laboratoriyası

Tədris prosesində hesablama texnikasından, kompyuter avadanlıqlarından, linqafon mərkəzindən, sürətçoxaldan, digər texniki vəsaitlərdən istifadə olunur.
Universitetdə müasir elektron kitabxana fəaliyyət göstərir. Elektron kitabxananın informasiya ehtiyatları oxucu sorğusu əsasında həyata keçirilir.
Universitetin xüsusi saytı yaradılmış, orada universitet həyatı, struktur bölmələri, tədris prosesi, elmi-tədqiqat fəaliyyəti haqqında zəruri informasiyalar yerləşdirilmişdir. Tədris prosesinin informasiya texnologiyaları, proqram vəsaitləri, laboratoriya və texniki avadanlıqlarla təminatı Dövlət Təhsil Standartlarına uyğundur.

Tələbələrin proqramların mənimsəmə səviyyəsi imtahanlarda, seminar məşğələlər və kollokviumlarda 10 ballıq şkala üzrə qiymətləndirilir.
 
© 2014 Təfəkkür Universitetiww.azadinform.az