Təfəkkür Universiteti
“Biologiya və təbiət elmləri” kafedrası

      Kafedranın müdiri professor Hüseynov Rahim Məmməd oğludur.
      Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “Biologiya və təbiət elmləri” kafedrası əsas tədris, elm struktur bölmələrindən biri olub Biologiya və filologiya fakültəsinin Biologiya və təbiət elmləri tərkibinə daxildir. Kafedra biologiya və biologiya müəllimliyi ixtisası üzrə biologiya sahəsini əhatə edən fənləri tədris edir. Kafedra “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Univesitetinin Nizamnaməsinə, “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinə”, kafedranın əsasnaməsinə uyğun olaraq formalaşdırılıb və fəaliyyət göstərir. Kafedranın professor müəllim heyəti Botanika, Zoologiya, Virusologiya, Mikologiya, İmmunologiya, Fəlsəfə, Mikrobiologiya, Biologiyanın tədrisi metodikası, Biokimya, Həyat bilgisi və onun metodikasi, İnsan və heyvan fiziologiyası, Enzimologiya, Entimologiya, İqtisadi coğrafiya və s.fənlər tədris edir.


      Rahim Məmməd oğlu Hüseynov 1947-ci ildə Salyan şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1964-cü ildə həmin şəhərdə orta məktəbi bitirib N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1970-ci ildə institutu bitirmiş və həkim ixtisası almışdır. Həmin il təyinatla ordu sıralarına göndərilmiş, 1972-ci ilə qədər İvanovo (Rusiya Federasiyası) vilayətinin Teykovo şəhərində hərbi hissənin həkimi işləmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1972-1975-ci illərdə Salyan rayon mərkəzi xəstəxanasında həkim-cərrah işləmişdir. 1975-ci ildə respublika Səhiyyə Nazirliyi aparatında Müalicə-profilaktika yardımı idarəsində həkim-inspektor, 1977-1980-cı illərdə nazirliyin Ərizə və şikayətlər şöbəsinin müdiri, Kadrlar, elm və təhsil müəssisələri idarəsinin rəisi, 1980-1986-cı illərdə Müalicə-profilaktika yardımı baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1981-ci ildə Səhiyyə Nazirliyinin Kollegiya üzvü seçilmişdir. 1986-cı ildə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Səhiyyə Naziri vəzifəsində  çalışmışdır. 
      1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini almışdır. 1995-ci ildən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin prorektoru, Tibbi biologiya, hazırkı Biologiya və təbiət elmləri kafedrasının müdiri vəzifəsində işləyir. 
      Rahim Hüseynov ali dərəcəli səhiyyə təşkilatçısıdır. Uzun müddət Azərbaycan səhiyyəsinin planlaşdırılmasında tibbi demoqrafik vəziyyətin aktual problemləri üzərində tədqiqat işləri aparmışdır. Respublikamızda və dünyanın bir sıra ölkələrində nəşr olunan tanınmış jurnallarda səhiyyə problemlərindən bəhs edən 100-ə qədər elmi məqaləsi, iri həcmli iki kitabı nəşr olunmuşdur. 
      Azərbaycan Respublikasının 2000-ci ilə qədər inkişaf proqramında səhiyyənin planlaşdırılmasında R.Hüseynovun tədqiqatlarından geniş istifadə olunmuşdur. Elm sahəsindəki yüksək xidmətlərinə görə 1994-cü ildə Beynəlxalq Yaradıcılıq Akademiyasının həqiqi üzvü seçilmişdir. Tibbi demoqrafiya və ekologiya sahəsində beynəlxalq miqyaslı tədqiqatlarına görə “Dünya informasiyasioloqları elitası” ünvanlı beynəlxalq müsabiqələr, akademik S.Vavilov və akademik Y.Məmmədəliyev adına mükafatların laureatıdır. Respublikada müharibə vəziyyəti ilə əlaqədar hərbi-tibbi xidmətin yaradılmasında bilavasitə iştirak etmiş və onun qısa müddətdə təşkilinə rəhbərlik etmişdir. 487 gündən artıq Yuxarı Qarabağda ezamiyyətdə olmuşdur. Qarabağ müharibəsi veteranı və ehtiyatda olan tibb xidməti polkovnikidir. “Səhiyyə əlaçısı” döş nişanı, medallar və fəxri fərmanlarla təltif olunmuşdur. 
      1990-1995-ci illərdə Azərbaycan Respublikasının xalq deputatı seçilmişdir. “Təhsil” qəzeti redaksiya heyətinin üzvü, Alman-Azərbaycan dostluq cəmiyyətinin fəxri üzvüdür.

      Ailəlidir, iki övladı var.

       

     

Kafedrada iş

© 2014 Təfəkkür Universitetiww.azadinform.az