“Təfəkkür” 4
Təfəkkür Universitetinin “Təfəkkür” elmi xəbərlər jurnalının 4-cü sayı çapdan çıxmışdır

Bir yaşı yenicə tamam olmuş “Təfəkkür” jurnalının 4-cü sayında jurnalın baş redaktoru, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev “Gözlədiyimizdən də uğurlu nəşr” adlı məqaləsində jurnalın bir illik fəaliyyətinə nəzər salır, jurnalın yaranma tarixi, ötən bir ildə jurnalda dərc olunan bəzi məqalələr haqqında məlumat verir. Az vaxtda jurnalın təkcə respublikamızın alimləri arasında deyil, ölkəmizdən kənarda da hörmət qazandığını bildirir. “Təfəkkür”ün cəmi üç sayı çap olunduqdan sonra Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edildiyini bildirir.
“Təfəkkür”ün işıq üzü görən nömrələrində çoxşaxəli elmimizin bir sıra yenilikləri barədə respublikamızın tanınmış elm adamlarının, eləcə də universitetin alimlərinin məqalələri dərc olunmuşdur. Ən önəmlisi odur ki, Azərbaycan Milli Elmlər  Akademiyasının prezidenti, akademik Akif Əlizadə bu elm ocağının ən yüksək vəzifəsinə seçildikdən sonra ilk yazılarından birini məhz “Təfəkkür” jurnalında çap etdirmişdir.
95 yaşı yenicə tamam olmuş, dünya şöhrətli elm xadimi, Ukrayna Milli Elmlər Akademiyasının prezidenti, azərbaycanlıların yaxın dostu, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Boris Yevgenyeviç Paton da ömrünün 96-cı baharına qədəm qoyanda maraqlı məqalələrindən birini “Təfəkkür”ə göndərmişdir (məqalə 3-cü sayda dərc olunmuşdur).
Jurnalda elmi nəşrlər, ixtiralar, dəyərli təkliflərlə yanaşı, tapıntılara, araşdırmalar zamanı yol verilmiş bəzi yanlışlıqlara aydınlıq gətirən məqalələrə xüsusi diqqət yetirilir. Universitetin professoru Raqub Kərimovun məqaləsində Molla Pənah Vaqifin bu vaxta kimi yarımçıq səslənən iki şeirinin tam mətni verilmiş, tarix elmləri doktoru, professor Nazim Məmmədovun arxiv sənədləri əsasında XIX əsrin sonu XX əsrin əvvəllərində Qarabağda kəndli üsyanının başlanma səbəblərinə aydınlıq gətirilmişdir. Görkəmli tarixçi alim Havva Məmmədovanın “Azərbaycan qadınları ikinci dünya müharibəsində”, iqtisad elmləri doktoru Elşən Hacızadənin “Şəhər ictimai nəqliyyatının inkişafı problemləri və avtomobilləşmənin yeni ekoloji tələbləri” məqalələri maraqla oxunur.
Jurnalın işıq üzü görən saylarında Azərbaycanın ən görkəmli alimləri ilə yanaşı, elmin pilləkənlərinə yenicə qədəm qoyan  doktorantların, dissertantların məqalələri də öz əksini tapmışdır.
Dünyanın bir sıra tanınmış elm xadimlərinin məqalələri, Azərbaycandan kənarda yaşayan tanınmış həmyerlilərimiz haqqında Azərbaycan, rus və ingilis dillərində dərc edilən yazılar maraqla qarşılanmışdır.
Bir yaşlı jurnalın bir illik fəaliyyətindən bəhs edən məqalədə jurnalın ünvanına gələn ayrı-ayrı məktublar haqqında məlumat verilir. Ukrayna Milli Elmlər Akademiyasının prezidenti Boris Yevgenyeviç Paton redaksiyaya göndərdiyi məktubunda jurnalın iki sayını aldığını və məqalələrin xülasəsindən Azərbaycan elminin tərəqqisi ilə tanış olduğunu və ürəkdən sevindiyini bildirir. Jurnala yeni-yeni uğurlar arzulayır. Maraqlıdır ki, Boris Yevgenyeviç Patonun baş redaktora göndərdiyi təşəkkür məktubu jurnalın 4-cü sayında olduğu kimi dərc olunmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor, əməkdar elm xadimi Adil Əliyev redaksiyaya göndərdiyi məktubda jurnalın çoxşaxəliliyinə xüsusi qiymət verir. Bakı Dövlət Universitetinin professoru A.Məhərrəmov yazır ki, “Təfəkkür”ün az vaxtda bu cür hörmət qazanmasının bir səbəbi də jurnalın öz ətrafına Azərbaycan elminin müxtəlif sahələrini təmsil edən tanınmış alimləri və ictimai xadimləri yığması, hər bir məqaləyə ciddi tələbkarlıqla yanaşmasıdır”.
“Azərbaycanın Vergi Jurnalı”nın baş redaktoru Elşən Hacızadə yazır: “Təfəkkür” elə ilk sayından neçə illərdən bəri dərc olunub formalaşmış jurnallar arasında adına layiq, həm də sanballı yer tutmuşdur. “Təfəkkür” elmi jurnallar arasında öz dəst-xətti ilə seçilən, öz yolu olan bir jurnal, daha doğrusu bir məktəbdir”.
Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının baş müəllimi Nigar İsmayılova yazır: “...Bir ixtisasçı kimi jurnalınızda ən çox xoşuma gələn birinci səhifədəki qlobus formalı kitab rəfinin altındakı “Kitab daim ətir saçan, heç vaxt solmayan çiçəklər kimidir, o, təfəkkürün yorulmayan qanadlarıdır, heç vaxt ölmür, əbədi yaşayır və həmişə öyrədir” sözlər oldu. Sonrakı nömrələrdə də bu loqo təkrar olunmuş, jurnalın rəhbərliyinin kitablar haqqında bir-birinə bənzəməyən, olduqca dəyərli və müdrik fikirləri verilmişdir. Jurnal çox maraqlıdır, oxunaqlıdır”.
“Təfəkkür” jurnalının 4-cü sayındakı məqalələri universitetin saytından oxuya bilərsiniz.