Təfəkkür” jurnalının növbəti 5-ci sayı çapdan çıxmışdır

Nəfis şəkildə çap olunmuş jurnalda iqtisadi problemlər, tariximizin açılmamış bəzi məqamları, ədəbiyyatımızın maraqlı anları, Azərbaycan dil yaddaşındakı bəzi tapıntılar və başqa maraqlı elmi yazılarla yanaşı “Dünya şöhrətli alimlərimiz” rubrikası altında tibb elminin inkişafında xüsusi xidmətləri olan, tibbi fəaliyyəti dövründə 100 mindən çox uğurlu cərrahiyyə əməliyyatı keçirmiş Mustafa Topçubaşov haqqında akademik Əhliman Əmiraslanovun çox maraqlı məqaləsi dərc olunmuşdur.

Jurnalın Baş redaktoru, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyevin “Regionların inkişafına əsaslanan strategiya” adlı məqaləsində son on ildə regionların so­sial-iqtisadi inkişafı ilə bağlı qəbul olun­muş dövlət proqramlarının uğurlu ic­rası sayəsində ölkədə bütün sahələrin da­vam­lı inkişafından, sosial infrastruktur tə­minatının yüksəlməsindən, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasından, yeni müəssisələrin və iş yerlərinin açıl­ma­sından və ən nəhayət əhalinin məş­ğul­luğunun artırılmasından söhbət gedir. Azərbaycanın dina­mik inkişafı elmi dəlillər və iqtisadi təhlillərlə əsaslandırılaraq gös­tə­rilir ki, son 10 ildə Azərbaycanda ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektorunda 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır. Bu müddətdə ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox iş yeri yaradılmış, işsizlik 5 faizə, yoxsulluq 5,3 faizə enmişdir. 2004-2013-cü illərdə Azər­baycanda 8332 kilometr avtomobil yolu çəkilmiş, 4 yeni hava limanı, regi­onlarda müasir tələblərə cavab verən 14 hotel ti­kil­miş, 500-dən çox sənaye müəssisəsi fəa­liyyətə başlamışdır.

Bakı Dövlət Universitetinin iqtisadiyyat və idarəetmə kafedrasının professoru, iqtisad elmləri doktoru Amil Məhərrəmovun “Naxçıvan iqtisadi rayonunun iqtisadi inkişafı: keçmiş və gələcəyin əlaqəsi kontekstində” məqaləsində Naxçıvan Muxtar Respublikasının iqtisadi imkanlarının gücləndirilməsi isti­qamətində görülən tədbirlərin təhlilinə həsr edilmişdir. Burada Azərbaycan Respublikası iqtisadi siyasətinin mühüm tərkib hissələrindən biri olan bölgələrin iqtisadi inkişafı fonunda son illərdə Naxçıvanda aparılan işlərə toxunulmuş, iqtisadi statistikaya müraciət edilmişdir. 

Mahmud Hacızadənin “Dövlət xidmətlərinin təqdimatının Avtomatlaşdırılması”, Əhməd Sərkarlının “Azərbaycanda nağdsız bank əməliyyatlarının inkişaf perspektivləri” məqalələrində qaldırılan məsələlər daha ətraflı təhlil olunmuşdur.

Jurnalın hər sayında özünə yer tapan “Tariximizi obyektiv təhlil edək” rubrikası altında akademik İsmayıl Hacıyevin “Naxçıvanın muxtariyyət statusu” məqaləsində Azərbaycan Cümhuriyyəti dövründə Naxçıvan əhalisinin erməni basqınlarına qarşı inadlı mübarizəsi, böyük dövlətlərin ikili siyasətinə qarşı Müsəlman Milli Şurasının, görkəmli şəxsiyyətlərin fəaliyyətləri araşdırılmışdır. Naxçıvanın Azərbaycanın tərkibində qorunub saxlanılması üçün keçirilən referendumun nəticəsi, B.Şahtaxtinskinin siyasi mübarizəsi Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsindən bəhs olunur. Nəticə ondan ibarətdir ki, əgər 1917-1921-ci illərdə naxçıvanlıların qəhrəmanlığı və məqsədyönlü fəaliyyətləri olmasa idi, Naxçıvanı Azərbaycanın himayəsində qoruyub saxlamaq çox çətin olardı. Şahtaxtinskinin Stalinə məktubu və sair haqqında maraqlı məlumatlar verilir.

Tarix elmləri doktoru, professor Havva Məmmədova və Tarix İnstitutunun a.e.i., tarix elmləri doktoru Nazim Məmmədovun “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixi sovet və Rusiya tarixşünaslığında” məqaləsində erməni müəlliflərin kitab,­ monoqrafiya və “elmi” məqalələrində ermə­nilərin Azərbaycanın müxtəlif bölgələ­rin­də törətdikləri vəhşiliklər və qanlı­ ci­na­yətlər, “böyük Ermənistan” yaratmaq na­minə saxtakarlığı özlərinin amalına çevirmiş erməni müəlliflərinin Dağlıq Qarabağın Ermənistana məxsus olması iddiaları tarixi faktlar əsasında ifşa olunmuşdur. Həmin əsərlərdə erməni ideoloqlarının saxta mövqelərinin və ideyalarının həqiqi mahiyyəti açıqlanmış, Dağlıq Qarabağın tarixən Ermənistan ərazisi olmasının əsassızlığı göstərilməklə, ermənilərin Qarabağa köçürülməsi tarixi mənbələr əsasında obyektiv təhlil olunmuş, tarixin müxtəlif mərhələlərində xalqımıza qarşı erməni millətçiləri tərəfindən törədilən genosid siyasəti təkzibedilməz tarixi faktlar əsasında yüksək elmi-nəzəri səviyyədə tədqiq edilmişdir. Məqalənin sonunda müəlliflər bir növ Azərbaycan tarixçilərinə müraciət edərək sanki həyəcan təbili çalırlar: bu gün yazılan əsərlərlə kifa­yətlənmək olmaz. Çünki yalançı erməni təbliğatı bu gün də yayımlanmaqdadır. Biz tarixçilər Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün gücümüzü sərf etməliyik. Bu, torpaqlarımızın düşmən əsarətindən xilas olması üçün lazımdır və biz inanırıq ki, tezliklə haqq-ədalət zəfər çalacaq, bütün torpaqlarımız düşmən əsarətindən azad ediləcək, qaçqın və köçkün­lərimiz öz doğma dədə-baba yurdlarına qayıdacaqlar!!!

Dilimiz, ədəbiyyatımız, incəsənətimiz bölməsində “Əlyazmalar xəzinəsindən səhifələr” rubrikası altında  filologiya elmləri doktoru Paşa Kərimovun “Abbasqulu ağa Bakıxanov əsərlərinin əlyazmaları və kitab kolleksiyası”, filologiya elmləri üzrə fəlsəfə doktoru, professor Raqub Kərimovun “Qasım bəy Zakirin ünvanı dəqiq olmayan bir şeiri haqqında, ETM Təfəkkür Universitetinin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Dilbər Zamanzadənin “Ədəbiyyat tariximizin görkəmli tədqiqatçısı” adlı məqalələrində dilimiz və ədəbiyyatımız haqqında maraqlı və yeni elmi xəbərlərdən bəhs olunur.

“Təbiət və təbabət” bölməsində AMEA Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasovun “Yanar şistlər Azərbaycanın qiymətli təbii sərvətidir” adlı məqaləsində Azərbaycanda yanar şistlərin yayılma coğrafiyası, yanar şistlərin əhəmiyyəti, geokimyəvi tədqiqatından söhbət açılır.

“Dünya şöhrətli alimlərimiz” rubrikası altında akademik Əhliman Əmiraslanovun Tibb elminin inkişafında misilsiz xid­mətləri olan, SSRİ-nin varlığı zamanı bütün dünyada sovet alimi kimi tanınan, tibb fəaliyyəti döv­ründə 100 mindən çox uğurlu cərrahiyyə əmə­liyyatı keçirmiş, elmi ix­tiraları bütün dün­yada tətbiq edilən Mus­tafa Ağabəy oğlu Topçubaşov haqqında olduqca sanballı və maraqlı məqaləsi dərc olunmuşdur. 

Müəllif göstərir ki, “dünya tibb elminin bir sıra yenilikləri məhz bu azərbaycanlı alimin adı ilə bağlıdır.­ Dünya alimləri M.Topçubaşovun İkinci­ Dünya müha­ribəsi zamanı tibb elminə verdiyi yeni ağrıkəsici preparatı olduqca yüksək qiy­mət­lən­dir­mişlər. ...Bakı nefti tanklarımıza, təyyarələrimizə nə vermişdisə, M.Topçubaşovun ixtirası olan efir-yağ narkozu da hərbi - səhra cərrahiyyəmizə onu vermişdir – demişlər”.

Akademik Əhliman Əmiraslanov sonda Mustafa Tipçubaşovun tibb sahəsindəki fəaliyyətinə xüsusi qiymət verərək yazır ki, “Mustafa bəy Topçubaşov Azərbaycan tibb elminin, xüsusilə Azərbaycan cər­rahiy­yəsinin əsasını qoyan, onu inki­şaf et­dirib dünyada tanıdan nadir şəx­siy­yət­lərdən biri, bəlkə də birincisidir. Olduqca zəngin və maraqlı, ibrətamiz, bir qədər də qeyri-adi həyat yolu keçən, mənəvi təmizlik, tə­va­zökarlıq, vətəninə, xalqına, bütün bə­şə­riyyətə ləyaqətlə xidmət edən Mustafa bəy Topçubaşov zəmanəmizin Hippokratıdır. O, insanlar və insanlıq üçün ləyaqət simvolu­dur”.